Cümə 23 Fevral 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

RAMAZAN

İmam Rzanın (ə) mübarək Ramazan ayının son günləri üçün tövsiyələri

İslam rəvayətlərində Ramazan ayı əvvəli rəhmət, ortası bağışlanmaq və sonu isə cəhənnəm odundan xilas olmaq kimi tanınmışdır.

İslam rəvayətlərində bildirilib ki, səmanın qapıları Ramazan ayının ilk gecəsində açılır və sonuncu gecəsinə qədər bağlanmır; Ramazan Allahın yaxşılıqları artırdığı və günahları sildiyi aydır.
(Biharul-Ənvar)

Mübarək Ramazan ayı İmam Rzanın (ə) baxışında Allaha itaət və Allah bəndələrinə cənnətə doğru addım atmaq üçün yarış meydanına bənzədilib. Bu yarış mübarək Ramazan ayının sonuna qədər davam edir.

Ən fəzilətli gün və gecələrdən biri də mübarək Ramazan ayının son ongünlüyüdür. Əhli-Beytdən (ə) gəlib çatan rəvayətlərə əsasən Peyğəmbər Əkrəm (s.ə.s) bu ongünlüyü etikafda keçirib və gecə-gündüz ibadətlə məşğul olurmuş.

İmam Rza (ə) buyurur:


کانَ أَبى علیه ‏السلام یَزیدُ فى الْعَشْرِ الأَواخِرِ مِنْ شَهْرِ رَمَضانَ فى کُّلِ لَیْلَةٍ عِشْرینَ رَکْعَةً


Atam Ramazan ayının son ongünlüyündə hər gecə Ramazan ayı gecələrinin müstəhəb namazlarına 20 rükət əlavə edirdi.

Həmçinin İmam Rza (ə) buyurur:


کانَ أمیرُ المؤمنینَ علیه السلام لایَنامُ ثلاثَ لیالٍ : لَیلةَ ثلاثٍ وعِشرِینَ مِن شَهرِ رَمَضانَ ، ولَیلةَ الفِطرِ ، ولَیلةَ النِّصفِ مِن شَعبانَ ، وفیها تُقسَمُ الأرزاقُ والآجالُ وما یَکونُ فی السَّنَةِ

Əmirəlmöminin Əli (ə) 3 gecə yatmırdı: Ramazan ayının 23-cü gecəsi, Fitr bayramı gecəsi və 15 şəban gecəsi; bu gecələrdə ruzilər bölüşdürülür, ömrün müddəti və o ildə baş verəcək bütün işlər təyin olunur.
(Biharul-Ənvar)

Mübarək Ramazan ayı boyunca təkid olunan mühüm əməllərdən biri oruc tutanlara iftar verməkdir.

Peyğəmbər Əkrəm Həzrət Məhəmməd (s.ə.s) məşhur Şəbaniyyə xütbəsində buyurur: Ey İnsanlar oyanın! Sizlərdən bu ayda mömin oruc tutana iftar verən şəxs bir qulu azad etmək və keçmiş günahların bağışlanması mükafatını alacaqdır. Dedilər: Ey Allahın Rəsulu! Bizim iftar vermək imkanımız yoxdur. Həzrət buyurdu: Oddan qorxun! Xurmanın yarısını verməklə oddan uzaqlaşın! Baxmayaraq ki, şərbətlə də ola bilər.
(Uyun Əxbar əl-Rza (ə))


İmam Rza (ə) Fitr bayramı günü bir məhəllədən keçirdi ki, bir qrup gülməklə-əylənməklə məşğul idi. İmam (ə) Ramazan ayını gözəl bəyan edərək onu Allah bəndələri üçün müsabiqə meydanına bənzədib öz səhabələrinə buyurdu: Həqiqətən izzət və calal sahibi Allah Ramazan ayını bəndələri üçün müsabiqə meydanı yaratmışdır ki, bu ayda Allaha itaətlə cənnətə doğru önə keçməyə çalışsınlar. Bir qrup önə keçdi və qələbə əldə etdi və digər bir qrup geridə qaldı və məhrum oldu. Əcəba! Oynamaq-gülməklə məşğul olan şəxs – özü də yaxşı işlər görənlərin savab və əcir aldıqları gündə səhlənkarlıq edərək məhrum olur. Allaha and olsun! Əgər pərdələri kənara çəkərlərsə, yaxşı iş görən hər zaman yaxşı rəftar və günahkar isə günahı ilə məşğul olur.
(Əl-Kafi)

İmam Rza (ə) həmçinin Fitr bayramını Allah dərgahına dua və təvazökarlıq günü adlandıraraq buyurur:


إنَّما جُعِلَ یَومُ الفِطرِ العِیدَ لِیَکونَ لِلمُسلِمینَ مُجتَمَعا یَجتَمِعُونَ فیهِ و یَبرُزونَ لِلّهِ فَیُمَجِّدُونَهُ عَلى ما مَنَّ عَلَیهِم

Ona görə Fitr bayramı günü qərar verilib ki, həmin gündə müsəlmanlar toplaşsınlar, Allah-taalaya görə səhnəyə gəlsinlər, böyük və əzəmətli nemətləri qarşısında Allahı yad etsinlər ki, hər gün bayram olsun, hər gün toplantı və başıucalıq olsun. Hər gün zəkat vermək, hər gün ilahi nemətlərə rəğbət bəsləmək və diqqət yetirmək olsun. Hər gün Allah dərgahına təvazökarlıq və dua günü olsun.
(Mən la yəhzuruhul fəqih)

İmam Rza (ə) həmçinin bir ay bəndəlikdən sonra Fitr bayramının gəlib çatmasını Allaha bəndədən hədiyyə adlandırıb və buyurur: Qiyamət günündə, 4 günü Allah dərgahına hədiyyə aparırlar. Sanki gəlini bəxt evinə aparırlar. Soruşdular: Bu dörd gün hansı günlərdir? Həzrət Rza (ə) buyurur: Qurban bayramı günü, Fitr bayramı günü, Cümə günü və Qədir bayramı günü.
(İqbalul-əəmal)


İmam Rza (ə) Fitr bayramı günündə çoxlu təkbirin səbəbi barəsində deyir: Təkbir, təzim və anmaq Allah-taalanındır və aləmlərin rəbbinin nemətləri və hidayətinə bir növ təşəkkürdür.
(Uyun əxbarur-Rza (ə))
 

 

 

 

1 – İmam Bağır(ə) buyurub: Hər şeyin bir baharı var və Quranın baharı Ramazan ayıdır.

Kafi, 2-ci cild, 630-cu səhifə

 

2 – İmam Rza(ə) buyurub: Ramazan ayında xeyir işlər məqbul sayılar və günahlar bağışlanar. Ramazan ayında izzət və cəlal sahibi olan Allahın kitabından bir ayə oxuyan kəs digər aylarda Quranı kamil oxumuş şəxs kimidir.

Bəharül Ənvar, 96-cı cild, 341-ci səhifə

 

3 – İmam Əli(ə) buyurur: Deməyin Ramazan, deyin Ramazan ayı. Çünki, siz Ramazanın nə olduğunu bilmirsiniz.

Mən La Yəhzərül Fəqih, 2-ci cild, 172-ci səhifə

 

4 – İmam Əbu Cəfər(ə) buyurur: İslam 5 şeyin üzərində qurulub: Namaz, zəkat, oruc, həcc və vilayət. İslam Peyğəmbəri(s.ə.s) buyurur: Oruc tutmaq cəhənnəm odu qarşısında bir qalxandır.

Təhzibül Əhkam, 4-cü cild, 151-ci səhifə

 

5 – İmam Sadiq(ə) buyurur: Tövrat Ramazan ayının başlanmasından 6 gecə sonra nazl oldu, İncil Ramazan ayının başlanmasından 12 gecə sonra nazil oldu, Zabur Ramazan ayının 18-ci gecəsində nazil oldu və Quran Qədr gecəsində nazil oldu.

Mən La Yəhzərül Fəqih, 2-ci cild, 159-cu səhifə


6 – İmam Sadiq(ə) Qədr gecəsinin fəziləti ilə bağlı hədisin sonunda buyurur: Ramazan yaxşı aydır. İslam Peyğəmbərinin(s.ə.s) dövründə bu ay ruzi ayı adlandırılırdı.

Mən La Yəhzərül Fəqih, 2-ci cild, 159-cu səhifə

 

7 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Qarşıdan gələn ay Ramazan ayıdır. Elə bir ay ki, onda oruc tutmağı Allah Taala sizlərə vacib edib. Bu ayda Cənnətin qapıları açılar və şeytan zəncirə vurular. Bu ayda min aya bərabər olan Qədr gecəsi mövcuddur. Məhrum olan o şəxsdir ki, bu gecənin fəzilətlərindən məhrum ola.

Təhzibül Əhkam, 4-cü cild, 152-ci səhifə

 

8 – İmam Sadiq(ə) buyurur: Ramazan ayında günahları bağışlanmayan şəxs, növbəti Ramazan ayına kimi bağışlanmaz. Məgər (Həcc zamanı) Ərəfədə hazır ola.

Kafi, 4-cü cild, 66-cı səhifə

 


9 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Şəban ayı ona görə belə adlandırılıb ki, bu ayda Ramazan ayına doğru böyük xeyir və bərəkət var və Ramazan ayı ona görə belə adlandırılıb ki, günahları yandırar.

Bəharül Ənvar, 58-ci cild, 341-ci səhifə

 

10 – İmam Əli(ə) buyurur: Ramazan ayında çoxlu dua və tövbə edin. Dua bəlaları sizdən uzaqlaşdırar, tövbə isə sizi günahlardan təmizləyər.

Vəsailüşşiə, 7-ci cild, 220-ci səhifə

 

11 – İmam Rza(ə) Fitr bayramı günü mənasız işlərlə məşğul olan insanlara rast gəlir. Oyun oynamaq və gülməklə məşğul idilər. O həzrət onları gördükdə üzünü səhabələrinə tutaraq buyurur: İzzət və cəlal sahibi olan Allah Ramazan ayını bəndələri üçün bir müsabiqə meydanı olaraq qərar verib ki, bu mübarək ayda Allahın göstərişlərinə əməl edərək, Cənnətə doğru hərəkət etsinlər. Beləliklə bir qrup öncül olaraq, qələbə çaldı. Digərləri isə geri qalaraq, məhrum oldular. Xeyirxahların savab və əcr apardıqları və günahkarların məhrum qaldıqları bir gündə bəzilərinin oynamaq və əylənməklə məşğul olması təəccüblüdür. And olsun Allaha! Əgər pərdələr çəkilsə və maneələr götürülsə yenə də xeyirxahlar xeyir işlə, günahkarlar isə öz günah işləri ilə məşğul olacaqlar.

Kafi, 4-cü cild, 181-ci səhifə

 


12 – İmam Rza(ə) buyurur: Orucluğun digər aylara deyil də məhz Ramazan ayına təyin edilməsinin səbəbi odur ki, Allah Taala Quranı bu ayda nazil edib. Bu ayda Qədr gecəsi var ki, min aydan daha üstündür. O gecədə hər bir iş Allahın hikməti əsasında olur və həmin gecə ilin başlanğıcı sayılır. Qədr gecəsində bədxahlıq və xeyirxahlıq, xeyir və zərər, ruzi və ölüm müəyyən edilər. Buna görədir ki, bu gecə Qədr gecəsi adlandırılıb.

Vəsailüşşiə, 7-ci cild, 173-cü səhifə

 

13 – İmam Sadiq(ə) buyurur: Ramazan ayı elə bir aydır ki, heç bir digər ay onun kimi deyil. Bu ay özünə məxsus haqqa və hörmətə malikdir. Bəs bacardığınız qədər bu ayda namaz qılın.

Kafi, 2-ci cild, 419-cu ayə

 

14 – İmam Rza(ə) buyurur: Bu bərəkətli ayda çoxlu Quran oxu və Allahın Rəsuluna(s.ə.s) salam və salavat göndər. Çoxlu sədəqə ver. Gecə və gündüz Allahı yad et. Mömin qardaşlarına yaxşılıq etməkdə və iftar verməkdə əlindən gələni əsirgəmə. Bu əməllərin böyük əcri və savabı var.

Müstədrəkül Vəsail, 7-ci cild, 435-ci səhifə

 

15 – İslam Peyğəmbəri(s.ə.s) Cabir ibn Abdulla Ənsariyə buyurur: Ey Cabir! Bu ay Ramazan ayıdır. Ramazan ayında oruc tutan, gecələrini ibadətlə məşğul olan, qarnı və şəhvətini təmiz saxlayan, dilini günahlardan qoruyan şəxs Ramazan ayı başa çatdıqda günahlardan da təmizlənmiş olar.
Cabir deyir: Ey Allahın Rəsulu! Nə gözəldir bu hədis.
Allahın Rəsulu buyurur: Ey Cabir! Necə çətin şərtləri var!

Kafi, 4-cü cild, 87-ci səhifə

 

16 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Ramazan ayında 5 şey ümmətimə bağışlanar, halbuki, öncəki peyğəmbərlərin ümmətlərinə bağışlanmamışdı: 1- Ramazan ayının birinci günündə Allah Taala onlara nəzər salar və Allah bir şeyə nəzər salarsa, sonralar ona əzab verməz. 2 – Onun ağzının pis qoxusu axşam çağı Allahın yanında müşk ətrindən daha üstün olar. 3 – Mələklər onun üçün hər gün və hər gecə onun bağışlanması üçün dua edərlər. 4 – Allah Taala Cənnətə əmr edər ki, özünü mömin bəndələrim üçün hazırla ki, dünyanın əzab və əziyyətlərindən xilas olmalarına, Cənnətdə, mənim kəramət məkanımda rahatlıq tapmalarına az qalıb. 5 – Ramazan ayının sonuncü gecəsində Allah Taala onların hamısını bağışlayar.

Vəsailüşşiyə, 7-ci cild, 230-cu səhifə

 

17 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Ramazan ayında bir kəs 6 şeyə baş vurarsa, Allah onun günahlarını bağışlayar: 1 – Dinini qorusa, 2 – Nəfsinə hakim olsa. 3 – Yaxınları ilə əlaqələrini möhkəmləndirsə, 4 – Qonşusuna əziyyət etməsə, 5 – Mömin qardaşlarının haqq və hüquqlarına riayət etsə, 6 – Dilini günahdan qorusa. Amma, oruc tutanın hansı əcrə malik olduğunu Allahdan başqa heç kəs bilmir.

Müstədrəkül Vəsail, 7 – ci cild, 370-ci səhifə

 

18 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Ramazan elə bir aydır ki, Allah Taala bu ayda oruc tutmağı vacib edib. Ramazan ayının gecələrində ibadətlə məşğul olmağı ənənə qərar verib. Hər kəs iman üzündən və Allaha yaxınlaşmaq məqsədilə oruc tutsa və Ramazan ayı gecələrində ibadət etsə, günahlardan xilas olar və anadan olduğu gündəki kimi günahlardan pak olar.

Bəharül Ənvar, 96-cı cild, 349-cu səhifə

 

19 – İslam Peyğəmbəri(s.ə.s) buyurur: Ramazan ayının ilk gecəsində göylərin qapıları açılar və sonuncu gecəyə kimi bağlanmaz.

Bəharül Ənvar, 96-cı cild, 344-cü səhifə

 

20 – İslam Peyğəmbəri(s.ə.s) Ramazan ayının fəzilətilə bağlı xütbəsində buyurur: Ey insanlar! Sizlərdən hansı bu ayda mömin və oruc tutmuş bir şəxsə iftar versə Allah yanında bir qulu azad etmək qədər savaba malikdir və keçmiş günahları bağışlanar.
Dedilər: Ey Allahın Rəsulu! Bəzilərimiz oruc tutmağa qadir deyilik.
Peyğəmbər dedi: Cəhənnəm odundan qorxun. Hətta, bir xurma dənəsi boyda iftar versəniz belə. Cəhənnəm odundan qorxun. Hətta, verilən iftar bir qurtum su olsa belə.

Bəharül Ənvar, 96-cı cild, 317-ci səhifə

 

21 – İmam Sadiq(ə) oğullarına deyir: Ramazan ayı gəlib çatanda, öz nəfsiniz ilə cihad edin. Həqiqətən bu ayda ruzilər bölüşdürülür və insanların ömürləri təyin edilir. Allahın qonağı olacaq şəxslərin adları qeydə alınır. Həmçinin, Qədr gecəsi bu aydadır. Elə bir gecə ki, onun fəziləti min aydan daha çoxdur.

Bəharül Ənvar, 96-cı cild, 341-ci səhifə


 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-07-01 09:58:32 | Kateqoriya: RAMAZAN | İzlənilib: 686 | Bəyənib: 0