Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Xocalı faciəsi; 20-ci əsrin müsəlman soyqırımları sırasında- Təhlil

Sabah fevralın 26-ı Xocalı soyqırımının 23-cü ildönümünə təsadüf edir. Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və 20-ci əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, müsəlman əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq olundu. Bu acı hadisədə 613 nəfər şəhid, 487 nəfər əlil oldu və 1275 mülki şəxs, o sıradan yaşlı, uşaq və qadın Ermənistan qüvvələrinin əsirliyinə keçdi. Eyni zamanda, 150 nəfər itkin düşdü və bu günədək onların taleyi haqda heç bir xəbər yoxdur. Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Ermənilərin törətdiyi bu soyqırımı regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta cəsədlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır. Bununla belə ermənilərin məlum vəhşiliyinə göz yumuldu və İslam dünyası növbəti ikili standartların şahidi oldu. Hətta üstəlik ABŞ Konqresi tərəfindən Azərbaycan Respublikasına qarşı sanksiyalar tətbiq edilərək 907-ci düzəliş icraya qoyuldu. Bu ayrı-seçkilik əlbəttə ki, əvvəllər də təcrübə olunmuşdu və Fələstin məsələsində ikili yanaşmanın şahidi olmuşduq, ona görə də ABŞ-ın timsalında Qərb dünyasının müsəlman qırğınından kədərlənəcəyini gözləmək olmazdı. Və belə də oldu. Onlar Fələstin məsələsində olduğu kimi Qarabağ münaqişəsinin həllində də vasitəçilik missiyasını inhisarlarına alaraq Azərbaycan xalqının ümidlərini əlindən aldılar və 67 ildir sionist rejimin bütün cinayətlərinə bəraət qazandıraraq onun işğalçılığını təsbit etdikləri kimi Cənubi Qafqazda da bu rəftardan bir presedent kimi istifadə etdilər. Yenə də müsəlman ölkəsi və xalqının hüquqları ayaq altına salındı və işğalçının məşum əməlinə xalqların müqəddəratı adlı prinsipləri ilə haqq qazandırmağa çalışdılar. Ona görə də Xocalı soyqırımının baş verməsindən 23 il keçsə də, bu cinayətin amilləri layiqli cəzalarını almayıblar və ermənilərin tərəfini tutan xristian Qərb qondarma erməni soyqırımının 100 illiyini qeyd etməyə hazırlaşır. Yeri gəlmişkən xatırladaq ki, Xocalı hadisəsi qəddar sionist İsrail rejiminin Fələstində müsəlmanara qarşı törətdiyi cinayəti xatırlatdır. Xüsusilə didərgin düşüb Livanda Səbra və Şətila düşərgələrində məskunlaşan Fələstinlilərin qığın edilməsini xatırladır. İsrailin muzdluları –Falanj dəstələri 1982-ci ildə günahsız 2500 insanı oxşar metodlarla qətlə yetirdilər. Və o zaman da hegemonçu dövlətlər müsəlmanların qırğın edilməsinin qarşısında susdular. Amma hegemonçu dövlətlərdən fərqli olaraq Xocalı soyqırımı məsələsində İran İslam Respublikası da daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatı 2012-ci ildə Xocalı faciəsini soyqırımı olaraq tanıdı. Bununla belə Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terror əməllərinə qarşı qəti tədbirlər görülməməsi qəzəb və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar ikili standartlara yol verməkdədirlər. Halbuki, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq bu hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Müəllif: Qəhrəman Nurani
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-25 14:51:03 | Kateqoriya: Qarabağ | İzlənilib: 390 | Bəyənib: 0