Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İİR Radio və Televiziya Təşkilatının sədri Bakıya səfər edəcək

Səhər TV, Xəbərlər – İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri Bakıya səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Səhər kanalının müxbiri ilə müsahibədə xəbər verib.


Möhsün Pakayin deyib: İranın Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərğami Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin dəvəti ilə bu həftə Bakıya səfər edəcək.
M.Pakayin həmçinin bildirib ki, İran İslam Respublikası prezidenti cənab Həsən Ruhaninin Bakı səfərinə hazırlıq məqsədilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də Azərbaycana səfəri istiqamətində lazımi işlər görülməkdədir.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Səhər kanalı müxbiri ilə müsahibəsinin davamında deyib: Cənab Ruhaninin Bakı səfərinə hazırlıq məqsədilə iki dost və qardaş ölkə arasındakı diplomatik səfərlər çərçivəsində gələn həftə də Azərbaycan Respublikası prezidentinin ailə, qadın və uşaq məsələləri üzrə nümayəndəsi xanım Mollaverdi Tehrana səfər edəcək.
Pakayin həmçinin, tezliklə İran və Azərbaycan arasındakı sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçəcəklərindən xəbər verib və deyib: Biləsuvar, Astara, Culfa və Poldəşt sərhəd keçid məntəqələri artıq vətəndaşlara 24 saat xidmət göstərə biləcəklər.
İran İslam Respublikasının Azərbaycandakı səfiri daha sonra İranın rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaizinin iştirakı ilə Bakıda 9-cu müştərək iqtisadi komissiyanın uğurlu formada keçirilməsi və onun ardınca İranın Baş Gömrük İdarəsi rəisi cənab Kərbasyanın Bakıya səfər etməsinin ardınca iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsindəki əlaqələrin daha da sürətlənməsindən xəbər verib.
Möhsün Pakayin Azərbaycan Respublikasının Naxçıvana səfər etmək istəyən İran vətəndaşları üçün viza rejimini ləğv etməsini iki ölkə münasibətlərində mühüm addım adlandırıb və deyib: İki ölkənin özəl sektorları da qarşılıqlı əməkdaşlıqları sürətlə inkişaf etdirirlər və Azərbaycanlı iş adamlarından ibarət bir heyətin müqəddəs Məşhəd şəhərinə və Rəzəvi Xorasanı vilayətinə olan səfəri də məhz bu istiqamətdə baş tutub.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-08 15:55:04 | Kateqoriya: Azərbaycan | İzlənilib: 309 | Bəyənib: 0