Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan prezidenti Avropa İttifaqının tədbirinə qatılmayacaq

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan prezidentinin qrafiki həddən artıq sıxlaşıb, buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.
Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.
Azərbaycan prezidenti İlham Əliyevin Riqa sammitində iştirak etməməsinin əsl səbəbi isə sonradan açıqlanıb və bildirilib ki, prezident İlham Əliyev Azərbaycana qarşı aparılan kampaniyaya etiraz olaraq, Riqa sammitində iştirakdan imtina edib.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir müddət öncə bununla bağlı Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Marda xəbərdarlıq edibmiş.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır.
Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi hiddət doğurur.
APA-nın əldə etdiyi digər bir məlumata görə, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.
O, M. Marddan mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib. Avropa İttifaqının nümayəndəsinə çatdırılıb ki, tədbirin dayandırılmayacağı təqdirdə, Azərbaycan prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək.
Diplomatik mənbələr onu da qeyd edirlər ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: "Azərbaycan hakimiyyəti 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq, Riqa sammitində iştirakdan imtina edib".

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 07:55:41 | Kateqoriya: Azərbaycan | İzlənilib: 235 | Bəyənib: 0