Şənbə 18 Avqust 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

ATƏT təmas xəttində yaranmış gərginlikdən narahatdır

Səhər TV, xəbərlər—ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyətdən narahatdır. APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in hazırkı sədri İvitsa Daçiç, təşkilatın baş katibi Lamberto Zanyer və ATƏT Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilib.   
ATƏT-in hazırkı sədri, Serbiyanın XİN rəhbəri  İvitsa Daçiç bu gün Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ),  Pyer Andre (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində son hadisələr müzakirə olunub. 
“Biz hamımız onunla razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində vəziyyət pisləşir və bu regional sabitliyə və dinc sakinlərin həyatına təhlükə yaradır.  Anjey Kasprşikin monitorinq hesabatında 2015-ci ilin yanvar ayı ərzində 12 ölüm və 18 yaralanma faktı qeyd olunub ki, bu da 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra  qeydə alınan ən çox göstəricidir. 2014-cü ildə isə 60 nəfər həlak olub və biz bu qorxulu tendensiyanın davam etməsindən narahatıq”, deyə birgə bəyanatda deyilir.   
Diplomatlar münaqişənin hərbi yolla həllini istisna edərək tərəfləri gücdən istifadə etməməyə çağırıblar.  
Bəyanatda bildirilir: Biz tərəfləri hücumlara, dinc sakinlərə atəş açmağa son qoymağa çağırırıq və gərginliyin azalması və atəşkəs rejiminin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görməyə səslənirik. Biz ATƏT müşahidəçilərinin monitorinqləri zamanı təhlükəsizlik zəmanətinin tam təmin edilməməsini yolverilməz hesab edirik.
“Biz təkidlə tərəfləri siyasi iradə göstərməyə,  yubatmadan və qeyd-şərtsiz danışıqlar prosesinə başlamağa çağırırıq”, deyə ATƏT-in bəyanatında qeyd olunub.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-08 09:08:17 | Kateqoriya: Azərbaycan | İzlənilib: 257 | Bəyənib: 0