Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Novruz Məmmədov: “ABŞ bütün dünyada anti-Amerika əhval-ruhiyyəsinin genişlənməsinə özü təkan verdi”

"Özünə çox güvənən, hətta bir sıra regionlarda birtərəfli və yalnız öz maraqlarına uyğun siyasət yolunu seçmiş ABŞ bütün dünyada anti-Amerika əhval-ruhiyyəsinin genişlənməsinə özü təkan verdi." Beynəlxalq Səhər Kanalının APA-ya istinadlı məlumatına görə, bu fikir Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfrans üçün hazırladığı “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” adlı məqalədə yer alıb.
N. Məmmədov bildirib ki, Rusiya ilə Qərb arasında münasibətlərdə yaranmış böhran dünyanın aparıcı dövlətlərinin artmış ambisiyalarını və maraqlarını reallaşdırmaq cəhdləri ilə izah olunur: “Bu məsələdə son nöqtəni sözsüz ki, Ukraynada və onun ətrafında baş verən hadisələr qoydu. Məhz həmin hadisələr yeni “soyuq müharibə”nin başlanğıcı və keçmiş ikiqütblü dünya nizamının iflası haqqında danışmağa əsas verdi. Bu, kəskinliyinə görə həqiqətən görünməmiş böhrandır. Dünyanın ən sabit regionu hesab edilən Avropanın daxilində son 25 il ərzində ilk dəfə yeni ayrıcı xəttin əmələ gəlməsi təhlükəsi yaranıb”.

N. Məmmədov qeyd edib ki, keçmiş SSRİ-nin hüquqi varisi olan, ikiqütblü qarşıdurmanın müəyyən anlaşma ilə başa çatmasına razılıq vermiş Rusiya ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyi ağır iqtisadi vəziyyətə və siyasi cəhətdən zəiflədiyinə görə beynəlxalq sistemdə gedən islahat proseslərinə əhəmiyyətli təsir göstərə bilməyib. Eyni zamanda Qərb ölkələrinin siyasi elitası Rusiyanı “soyuq müharibə”də uduzmuş tərəf hesab edərək, dünya səhnəsində onun mövqeyinin zəifləməsini məntiqi cəhətdən belə əsaslandırıb.
N.Məmmədov əlavə edib: “Rusiyanın Qərb tərəfdaşları və ilk növbədə ABŞ nəzərə almalıdır ki, keçmiş rəqibin həddən artıq zəifləməsi heç də həmişə mütləq mənada faydalı olmur. Bu, kəskin mənfi reaksiya və əvvəlki opponentdən gözlənilən təhlükədən daha böyük təhlükəyə səbəb ola bilər. Özünə çox güvənən, hətta bir sıra regionlarda birtərəfli və yalnız öz maraqlarına uyğun siyasət yolunu seçmiş ABŞ bütün dünyada anti-Amerika əhval-ruhiyyəsinin genişlənməsinə özü təkan verdi. Nəticədə ABŞ istər-istəməz başqa dövlətlərin iqtisadi və hərbi gücünün ölçüsündən asılı olmayaraq, onların birgə müqaviməti ilə üzləşməli oldu. Məşhur siyasətçi və dövlət xadimi Henri Kissincer də xəbərdarlıq edirdi ki, yaranmış dünya nizamı və Amerika cəmiyyətinin sabitliyi üçün ən böyük təhlükə ABŞ-ın hegemonluğudur. Bu təhlükə anti-Amerika əhval-ruhiyyəsinin görünməmiş təzahürlərinə, eləcə də həmin təzahürlərə müxtəlif ölkələrin və regionların gözlənilməz dərəcədə geniş koalisiyasına səbəb ola bilər”.
Novruz Məmmədov əlavə edib: “Soyuq müharibə” dövrü başa çatdıqdan sonra iki hərbi blokun qarşıdurmasının əvəzinə keçmiş rəqibləri birləşdirən ümumi struktur yaranacağına bəslənən ümidlər doğrulmadı. Keçmiş ikiqütblü dünyanın bütün böhranları, o cümlədən indiki Ukrayna böhranı belə vəziyyətləri nizama salmalı olan mövcud təhlükəsizlik təşkilatlarından heç birinin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək iqtidarında olmadığını tam əyani şəkildə nümayiş etdirdi. Aydındır ki, əgər Rusiya və Qərb ən yaxın vaxtlarda Ukrayna ətrafında qarşıdurmadan çıxmasa, beynəlxalq birliyin qlobal təhlükələrə qarşı effektiv mübarizə apara bilməməsi hamıya məlum olacaq. Bu gün əsas məsələ hətta mövcud dünya nizamının dağılmasının davam edib-etməyəcəyi məsələsi də deyil. Əsas məsələ mövcud dünya nizamının dağılması prosesinin nə dərəcədə tezliklə baş verməsi və nə dərəcədə dərinləşməsi məsələsidir”.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 18:40:52 | Kateqoriya: Azərbaycan | İzlənilib: 134 | Bəyənib: 1