Bazar Ertəsi 21 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qarabağ münaqişəsinin yenidən alovlanmasında kimlər maraqlıdır? – Təhlil

SəhərTV, Xəbərlər -- Ötən il dekabrın 24-də Ermənistanın Gömrük İttifaqına qoşulmasından və Avrasiya İqtisadi İttifaqın formalaşmasında iştirak edəcəyini bildirməsindən sonra bu dövlətin Dağlıq Qarabağ məsələsində daha da aqressivləşəcəyini gözləmək olardı. 
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki gün öncə yaydığı bəyanata görə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində, qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusu 3 hərbçisini itirib.
Məlumatda bildirilir ki, Ermənistanın kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı alınan zaman 3 hərbi qulluqçu şəhid olub.
Bu arada erməni mətbuatı separatçıların hərbi mənbələrinə istinadən məlumat verib ki, son həftə ərzində Azərbaycan ordusunda 14 hərbçi həlak olub və 20-dən çox hərbçi isə yaralanıb.
Rəsmi İrəvanın bölgədə sülh və sabitliyin perspektivini təhlükə altına atan əməllərini davam etdirməkdə əlbəttə ki, təkcə Rusiyadan yaşıl siqnal aldığını düşünmək sadəlövhlük olardı, ermənilər həm də AƏTƏ Minsk Qrupuna həmsədrlik edən digər iki dövlətin o cümlədən ABŞ-ın dəstəyindən yetərincə faydalanır və müsəlman torpağını tapdaq altında saxlamaqda davam edirlər. Onlar eyni zamanda İsrail rejiminin işğalçılıq praktikasından istifadə edərək müsəlman Azərbaycan Respublikasının əzəli guşəsinə olan qeyri-qanuni hakimiyyətlərini təsbit etməklə məşğuldurlar. Ona görə də xristian blokuna mənsub vasitəçi dövlətlərin Ermənistana əməlli – başlı təəssübkeşlik etdiklərini gördükdə Serj Sarkisyan Azərbaycan Respublikasını müharibə ilə təhdid etməkdən çəkinmir. Bu barədə Ermənistanın dövlət başçısı bildirib: “Azərbaycanlıların bizim itkilərin hesabını necə ağır ödədikləri, ödəməkdə davam etdikləri və bundan sonra da ödəyəcəkləri heç kimdə şübhə doğurmur. Bu yaxınlara qədər bizim cavab addımlarımız forma baxımından simmetrik, itki baxımından isə asimmmetrik idi. İndi isə cavablar forma baxımından da asimmetrik olacaq. Gözü qızmış adamlar sürprizlər gözləməlidir”.
Maraqlıdır ki, Qarabaq münaqişəsinin tənzimlənməsində birbaşa iştirak edən ATƏT-in Minsk Qrupu tərəfləri təmkinliyə çağırmaqla öz missiyasını bitirmiş hesab edir. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic tərəfləri 1994-cü ildə imzalanmış atəşkəsə əməl etməyə və hərbi qarşıdurmanı dayandırmağa çağırıb:
Dacic tərəfləri tərəfləri ATƏT-in vasitəçilik çərçivəsində yekun və dinc həll üçün qəti addımlar atmağa çağırıb. Həmsədrlər də bildiriblər ki, münaqişənin həllində irəliləyişə nail olmaq və inamı bərpa etmək üçün ötən ay başlanan zorakılıqlar dayandırılmalıdır.
Xatırladaq ki, Ermənistan qoşunları separatçıların köməyi ilə 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ və ətrafında 7 rayonu işğal ediblər. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalanıb, sülh danışıqlarına başlanıb. Amma hələlik danışıqlarda münaqişənin birdəfəlik həllinə nail olmaq mümkün olmayıb. Tərəflər bir-birini tez-tez atəşkəsi pozmaqda ittiham edirlər.
Mövcud şəraitdə hesab etmək olar ki, həmsədr dövlətlər münaqişənin həlli prosesini süründürməklə və status-kvonu davam etdirməklə nə hərb – nə sülh vəziyyətini öz maraqları üçün daha məqbul hesab edirlər , ancaq bu şəraitdən itirən bircə tərəf varsa, o da Azərbaycan Respublikasıdır. Digər tərəfdən bu münaqişənin düyünü açılmayanadək Cənubi Qafqazda hansısa davamlı sülh və sabitlikdən danışmaq mümkün olmayacaq, iqtisadi layihələrin gələcəyi qaranlıqdır və beynəlxalq güclər hələ uzun illər münaqişə tərəflərini öz əllərində girov olaraq saxlayacaqlar. Belə bir mənzərəni gördükdə artıq heç kəs şübhə edə bilməz ki, Minsk Qrupu həmsədrlərinin bəyanatları və ya çeşidli “sülh planları” hazırlamaları vaxt udmaqdan başqa bir şey deyil. Daha dəqiq desək onlar Qarabağ kartından vaz keçmək istəmirlər.
Bu arada Qarabağ münaqişəsinin həlli sahəsində vasitəçilik edən 3 dövlətdən fərqli olaraq İran İslam Respublikası Cənubi Qafqazda bu münaqişəsinin uzanmasından olduqca narahatdır. Yanvarın 27-də İran İslam Respublikası xarici işlər naziri İrəvanda səfərdə olduğu zaman deyib: “İran region ölkələri arasında sülh, sabitlik və dostluq münasibətlərinin tərəfdarıdır. Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını və regionun ölkələri arasında sülhün və dostluğun bərqərar olmasını istəyirik.”
Hadisələri seyr edərkən belə qənaət yaranır ki, iranlı nazir Tehranın narahatlığını Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb və onu konstruktiv addımlar atmağa təşviq edib. Əslində vasitəçilik missiyasının bu vaxtadək 3 dövlətin inhisarında qalması və onların beynəlxalq hüquq normalarını pozan Ermənistana “dur” deməməsi mürəkkəb vəziyyət yaradıb. Hazırda isə bu situasiyanı dəyişməyin vaxtı gəlib çatıbdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-28 15:36:43 | Kateqoriya: Qarabağ | İzlənilib: 255 | Bəyənib: 0